
Bir çox qızıl boyunbağı və qolbaqlarda, yaxud onların ilgəklərində şüşədən hazırlanmış daşlara rast gəlinir. Bu daşlar zinət əşyalarının çəkisini süni şəkildə artırır.
Zərgər Nadir Ağaverdiyev Aksin.info-ya açıqlamasında bildirib ki, bu üsuldan əsasən çəkisi az olan zinət əşyalarının hazırlanmasında istifadə olunur.
Onun sözlərinə görə, həmin hissəciklər həm estetik, həm də funksional məqsədlərə xidmət edir:
“Belə daşların əlavə edilməsində iki məqsəd var. Birincisi, bu, istehsalçıya əlavə qazanc gətirir, çünki daşlar qızılın yerinə satılır. Digər tərəfdən isə onların funksiyası xırda boyunbağıların boyunda fırlanmasının qarşısını almaqdır. Yəni bu əlavələr ağırlıq mərkəzini boynun arxasında sabit saxlamağa kömək edir”.
Zərgər əlavə edib ki, bu cür şüşə daşlara daha çox türk modellərində rast gəlinir:
“Türkiyədəki istehsalçılar çox zaman az qazanc marjası ilə işlədikləri üçün belə üsullara əl atırlar. Lakin bir çox zərgərlər daşsız modelləri üstün tutur, çünki müştəri həmin zinəti geri qaytarmaq istədikdə qiymət fərqi az olur. Təmiz qızılın alqı-satqısı zamanı alıcı və satıcı arasında anlaşılmazlıq yaranmır. Bəzi alıcılar həmin hissələri qırmaqla daha az pul ödəməyə çalışırlar, amma əslində satıcı bundan əlavə qazanc əldə etmir, məhsul həmin hissəciklərin daxil olduğu qiymətə satılır”.